Hər il milyonlarla insan səyahət edir. Onlar dünyanı araşdırmaq, ən məşhur yerləri kəşf etmək istəyirlər. Xarici ölkələrə səyahət ilk növbədə yeni təcrübə, yeni tanışlıq, yeni yerlər deməkdir. Səyahət etmə səbəbləri bir-birindən fərqli ola bilər; bir çoxumuz müxtəlif mədəniyyət, adət və ənənələr barədə məlumatlı olmaq və ya xarici dil biliyini inkişaf etdirməyi üstün görürük. Yeni dil öyrənmək insanın öz dilinin xırdalıqlarını mənimsəməsinə yardımçı olur. Bir neçə dildə danışan insanlar həm şəxsi, həm də professional həyatda daha geniş ünsiyyət dairəsinə malik ola bilir. Xarici dil öyrənmək başqaları ilə həqiqətən ünsiyyət qurmağı və əlaqə yaratmağı öyrənməkdən ibarətdir - bu, yalnız insanlarla qarşılıqlı əlaqədə inkişaf etdirilə bilən inanılmaz mühüm həyat bacarığıdır.
Xarici dil öyrənməyin birinci faydası beyin gücünü artırmasıdır. Yəni siz yeni bir dil öyrəndiyiniz zaman beynininiz müxtəlif bacarıqları inkişaf etdirməyə başlayır. Xarici dillərdə danışan insanların daha güclü yaddaşı olur. Öncədən qeyd edildiyi kimi digər başlıca üstünlüklərdən biri də səyahət etdiyimiz ölkələrin adət və ənənələrini bilavasitə öyrənmək üçün ən düzgün yoldur. Bu bizə öz fikrini ifadə etmək, ölkənin incəsənət, mədəniyyət və ədəbiyyatı haqqında daha dolğun məlumat əldə etməyə kömək edir. Həmçinin xarici dil biliyi insanlara iş həyatında, yüksək karyera imkanları yaratmaqda, biznesi xarici ölkələrə də çıxarmağa və bərkitməyə kömək edir. Demək olar ki, bütün sahələrdə ən çox tələb olunan bacarıqların onluğuna daxildir.
Həmçinin xarici dil bilmək digər başqa dili öyrənməyi də asanlaşdıra bilər. Bu zaman bizim beyinimizdə tədris prosesinə cavabdeh olan müəyyən əlaqələr inkişaf edir. Beləliklə, hər növbəti xarici dil daha asan öyrənilir. Bir az daha çətin olsa da, xarici dilləri öyrənməkdən bəhrələnmək üçün heç vaxt gec deyil. Kiçik uşaqları xarici dil öyrənməyə həvəsləndirmək onlara sonrakı həyatlarında fayda verə bilər, buna görə də məktəblər xarici dil öyrənilməsini kurrikulumun məcburi hissəsinə çevirməlidirlər.
Əliyeva Nisəbanu